Cəmiyyət
Yenilənən məktəbdə yeni tədris ilinə böyük coşqu – Sumqayıt 21 nömrəli məktəbdən REPORTAJ
Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbdə yeni tədris ili həm Bilik Günü, həm də illər sonra yenilənmiş məktəb binasının şagirdlərin istifadəsinə verilməsi ilə əlamətdar olub.
Mənbə:Panorama Xəbər / Xüsusi müxbir
•📅25.09.2026
•🕐08:38
•👁51 baxış

"Panorama Xəbər" xəbər verir ki, 2026–2027-ci tədris ilinin başlanması münasibətilə məktəbdə keçirilən tədbir müəllim, şagird və valideynlərin iştirakı ilə yadda qalan anlarla müşayiət olunub. Uzun illər fəaliyyət göstərən təhsil ocağı əsaslı təmir və yenidənqurma işlərindən sonra müasir görkəmdə ilk dərs gününü qarşılayıb.
Tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Həsən Həsənli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Təntənəli mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Məktəbin direktoru Qədir Mikayılov çıxışında yeni dərs ilinin başlanması münasibətilə şagirdləri, müəllimləri və valideynləri təbrik edib. O, yenilənmiş məktəb binasının şagirdlərin daha rahat və müasir şəraitdə təhsil almalarına geniş imkanlar yaradacağını bildirib.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkədə təhsil infrastrukturunun yenilənməsi, məktəblərin maddi-texniki imkanlarının genişləndirilməsi və müasir təhsil mühitinin formalaşdırılması istiqamətində görülən ardıcıl işlərdən bəhs edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin təhsil həyatında həyata keçirilən yeniliklərə diqqət çəkərək, məktəblərin yenilənməsinin şagirdlərin təhsil şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva isə regionda təhsil sahəsində əldə olunan uğurlu nəticələrdən söz açaraq, yeni tədris ilinə hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
21 nömrəli məktəb yeni siması ilə şagirdlərini qarşılayır
1971-ci ildən fəaliyyət göstərən 21 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində təhsil müəssisəsinin infrastrukturu tamamilə yenilənib, tədris üçün ən müasir imkanlar yaradılıb.
Bu il məktəbin I siniflərinə 200 şagird qəbul olunub. Onlar üçün məktəb həyatı yalnız ilk dərslə deyil, müxtəlif musiqi və rəqs nömrələri ilə zəngin təntənəli proqramla başlayıb.
Birincilər üçün təşkil olunan xüsusi proqramda balaca məktəblilər öz hazırladıqları rəqs və musiqi kompozisiyalarını təqdim ediblər. Tədbirin əsas məqsədlərindən biri də uşaqların yeni məktəb mühitinə daha rahat adaptasiya olunmasına şərait yaratmaq olub.
Mərasimdə məktəbin təcrübəli ibtidai sinif müəllimi Almaz Məhəd qızı Namazova da iştirak edib. Uzunillik pedaqoji fəaliyyəti ilə seçilən müəllimə üçün birincilərin məktəb həyatına ilk addımlarını izləmək xüsusi məna daşıyıb. Peşəkar fəaliyyəti ilə seçilən Almaz Namazova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. Onun uzun illər ərzində ibtidai təhsil sahəsində qazandığı təcrübə və pedaqoji fəaliyyəti məktəb kollektivi tərəfindən hər zaman xüsusi rəğbətlə qarşılanır.
Birincilərin çıxışı tədbirə xüsusi rəng qatıb
Bilik Günü proqramının en maraqlı məqamlarından biri I “A” sinfinin təqdim etdiyi musiqili-rəqs kompozisiyası olub. Balaca məktəblilər “Yaşa, mənim xalqım” və “Coş, dənizim” mahnılarının müşayiəti ilə hazırladıqları parlaq çıxışları təqdim ediblər.
Milli musiqi nümunələrinin səsləndirildiyi proqramda birincilərin səhnə performansı tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Uşaqların çıxışı onların yalnız musiqi və rəqs bacarıqlarını deyil, kollektiv şəkildə fəaliyyət göstərmək və özlərini ifadə etmək imkanlarını da nümayiş etdirib.
Belə tədbirlər məktəbə yeni qədəm qoyan uşaqlar üçün ilk günlərin həyəcanını xoş təəssüratlarla əvəzləməklə yanaşı, onların müəllim və həmyaşıdları ilə ünsiyyət qurmasına da şərait yaradır.
21 nömrəli tam orta məktəbdə 2026–2027-ci tədris ilinin başlanması bu baxımdan həm məktəbin yenilənmiş tarixində, həm də 200 birincinin həyatında yeni mərhələnin başlanğıcı olub. İlk zəngin yaratdığı həyəcan, uşaqların rəngarəng çıxışları və yenilənmiş məktəb mühiti yeni dərs ilinin ilk günlərini unudulmaz edib.
✈️
PANORAMA XƏBƏR
Ən son xəbərləri Telegram kanalımızdan izləyin
👁 51 baxış🕐 08:38
← Ana səhifəyə qayıt